Azərbaycanda innovasiya ekosisteminin formalaşmasında, o cümlədən startapların inkişafında xüsusi rol oynayan Bakı Mühəndislik Universiteti (BMU) bu sahədə BP şirkəti ilə əməkdaşlığa başlayır. Belə ki, “Yeni Fikir VI” startap müsabiqəsi BMU-nun təşkilatçılığı və BP-nin maliyyə dəstəyi ilə keçirilir.
Müsabiqədə təkcə Bakı Mühəndislik Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan hər kəs iştirak edə bilər.
“Yeni Fikir” startap müsabiqəsi (YFM) innovativ sahibkarlığın (təşəbbüskarlığın, startapların və ya texnosahibkarlığın) inkişafını təşviq edən və dəstəkləyən layihədir. İndiyə kimi, 5 dəfə keçirilən YFM-yə 842 startap layihəsi (o cümlədən YFM 2013-ə 87, YFM 2014-ə 212, YFM 2015-ə 196, YFM 2016-ya 199, YFM 2017-yə 148 startap layihəsi) müraciət edib. Onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib. 35 layihənin inkişafı isə, sponsor və tərəfdaşların dəstəyi ilə, toxum investisiya və inkubasiya xidmətləri ilə dəstəklənib.
“Yeni Fikir” startap müsabiqəsi hazırda 6-cı dəfə keçirilir. “Yeni Fikir VI” startap müsabiqəsi BP şirkətinin maliyyə dəstəyi ilə keçirilir. BP şirkəti Müsabiqənin keçrilməsini dəstəkləməklə Azərbaycanda aparılan islahatların ən aktual istiqmətlərindən biri hesab olunan, innovasiya ekosisteminin güclənməsinə, həmçinin innovativ sahibkarlığın inkişafına ciddi töhfələr verir.
BP-nin maliyyə dəstəyi ilə keçirilən “Yeni Fikir VI” startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq, həm də ekosistemə yeni startapların daxil olmasını təmin edir. Belə ki, ayrılan maliyyə dəstəyi ilə keçiriləcək təlim və mentorluq proqramları mövcud startapların güclənməsini təmin etməklə yanaşı, yeni startap layihələrinin formalaşması və inkişafına şərait yaradır.
Müsabiqənin gedişi və müxtəlif məqamları, həmçinin qaydaları haqqında, davamlı olaraq, yenifikir.az veb səhifəsində, eləcə də Müsabiqənin rəsmi @Yenifikir “facebook” səhifəsində məlumat verilir.
“Yeni Fikir VI” startap müsabiqəsi 7 ay müddətində həayata keçiriləcək. Müsabiqənin layihə rəhbəri Bakı Mühəndislik Universitetinin dosent İsa Qasımovdur.
Hazırda Azərbaycanda innovasiya ekosisteminin, o cümlədən startap ekosisteminin inkişafı istiqamətində geniş islahatların aparıldığını nəzərə alaraq, qeyd edə bilərik ki, Müsabiqənin işinə dövlət və özəl sektordan digər təşkilatların da qoşulması istisna deyil.
Əqli mülkiyyət: Bütün fikir və ideyalar müəllifin (və ya müəlliflərin) mülkiyyəti kimi qorunur.